İnsan danışmayana qədər ağıllı sayılmaz

Ağrımız artıq əvvəlki kimi zavallı olmasın, bir başqa cür olsun. Ağrımız kərtənkələnin, tısbağanın ağrısına bənzəyirdi.

Ölü kimi yaşamağı bacardıq, adam kimi yaşamaq artıq çətin olmaz.

Çox zəngin bir adam deyiləm, sırf bədənimin içində yaşayıram.

Doğrudur: Ruh boyundadır! Bəs bizi niyə boynumuzdan asırlar?

Maşına minib burjuaziyaya gedəcəm, iki çəllək mürəbbə gətirəcəm, bütün kommunizmə yetər.

Xoşbəxt insanları cəzalandırmaq çətindir, çünki onlar pislikdən bir şey anlamazlar.
Davamı →

Andrey Platonov | Sərçənin səyahəti

Qoca bir çalğıçı Puşkin abidəsinin yanında skripka çalmağı sevirdi. Həmin abidə Moskvada Tver bulvarının başlanğıcındadır, onun dörd tərəfindən yuxarı mərmər pillələr qalxır, abidənin dövrəsində kim bilir, nə qədər şeir yazılıb. Qoca çalğıçı bu pillələrlə düz heykəlin oturacağınacan qalxıb üzünü bulvara sarı, uzaqdakı Nikita darvazasına sarı tutar, əlindəki yayı skripkanın simlərinə sürtərdi. Uşaqlar, yoldan ötənlər, yaxın qəzet köşkünün müştəriləri dərhal heykəlin ətrafına toplanardılar, musiqini dinləmək üçün lal-dinməz dayanardılar; axı musiqi adamları toxtadır, onlara səadət və xoş anlar, saatlar bəxş edir. Çalğıçı skripkanın futlyarını heykəlin əks tərəfində yerə qoyardı, futlyar açıq idi, orada bir tikə qara çörək və alma vardı; qoca acanda yeyəcəkdi.
 
Qoca skripka çalmağı adətən axşama yaxın, toran düşəndə başlayırdı. O, sakitlikdə, qaranlıqda skripkanı daha həvəslə çalırdı. Onun qocalıqdan heç bir şikayəti yox idi, dövlətdən təqaüd alırdı: yeməyi – içməyi də kifayət qədərdi. Ancaq qoca, adamlara heç bir xeyir verə bilmədiyi fikrindən sıxılır, bulvara könüllü olaraq skripka çalmağa gedirdi, orada skripkanın sədası toranlıqda ətrafa yayılır, ürəklərə tək-tək hallarda dərin təsir göstərsə də zərif və mərdanə qüvvəsilə insanı məğrur və gözəl yaşamağa çağırırdı. Musiqini dinləyənlərdən bir çoxu qocaya vermək üçün pul çıxarır və onu hara qoyacaqlarını bilmirdilər. Skripkanın futlyarı bağlı idi, çalğıçının özü isə abidənin lap yuxarısında az qala lap Puşkin heykəli ilə bir bərabərdə durmuşdu. Onda adamlar iki şahıları, qəpikləri futlyarın qapağı üstünə qoyurdular.
Ardı →